Əllərimizin, hüceyrələrimizin, DNT, zülal, ferment kimi strukturların, fərqli yaradılmış canlıların, quşların uçmağının, balıqların üzməyinin, yarpaqların fotosintez etməyinin, göylərin, ulduzların, planetlərin, Günəşin, Ayın, ağacların yaz fəslində yaşıllaşmağının, canlıların qış yuxusuna getmələrinin, günlərin 24 saat olmağının, yağışın, qarın, qısaca, görüb bildiyimiz, eşitdiyimiz, varlığından xəbərdar olduğumuz hər şeyin bir məqsədi vardır. Bütün bunları düşünmədən, varlıqların hikmətini başa düşmədən, onları görüb yan keçərək yaşamaq asandır. Məhz bəzi insanları digərlərindən fərqləndirən başlıca xüsusiyyət asanı seçmədən yaradılan hər şey haqqında dərin düşünmələridir.
Əgər insan düşünməsə, həyatın məqsədini dərk edə bilməz. Əgər düşünməsə, haradan gəldiyini, öhdəliklərinin nə olduğunu və hara gedəcəyini bilmədən həyatını boş və məqsədsiz keçirər. Lakin insan digər canlılardan fərqli olaraq ağıla, vicdana, düşünmək və ayırd edə bilmək qabiliyyətinə malikdir. Buna görə də onun mühüm öhdəliyi vardır. Necə və nə üçün yaradıldığını düşünmək, Yaradanı anlamaq və Ona qarşı öhdəliklərini yerinə yetirməklə məsuldur. İnsan bu öhdəliyə məhəl qoymadan da yaşaya bilər. Bu onun seçimidir. İnsanlar məhz etdikləri bu seçimlə bir-birlərindən ayrılırlar. İman gətirənlər, dərk edənlər və axirətdə qazanmış olanlar yaradılış dəlilləri və ayələr üzərində düşünmək və Yaradanı dərk etməklə digərlərindən fərqlənirlər.
Allah Quranda da, İncildə də dərin düşünmək xüsusiyyətinin iman gətirənlərə xas xüsusiyyət olduğunu bildirmişdir.
"Hələ də dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz bu qədər inadkardır?"
(Mark, 8:17)
"Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək."
(Paulun Timoteyə 2-ci məktubu, 8:17)
"Qardaşlar, aldığınız çağırış barəsində düşünün."
( Paulun Korinfilərə 1-ci məktubu, 1:26)
"Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün."
(Paulun Kolosselilərə məktubu, 3-1:2)
"Rəbbin işləri böyükdür, bunlardan zövq alanlar ibrət götürür."
(Məzmurlar, 111:2)
"Beləcə bunların hamısını ürəyimdə araşdırıb bu nəticəyə gəldim: salehlər, hikmətlilər və onların etdikləri işlər Allah'ın əlindədir..."
(Vaiz, 9:1)
"...hüzurunda dəhşətə gəlirəm, bunları düşünəndə Ondan vahimələnirəm."
(Əyyub, 23:15)
"Yatanda belə, Səni xatırlayıram, gecə növbələrində Səni düşünürəm."
(Mezmurlar, 63:6)
"O ancaq Rəbb'in qanunundan zövq alar, gecə-gündüz bu təlimatı dərin düşünər."
(Məzmurlar, 1:2)
"Ya Rəbb, Sənin əməllərini yada salıram, bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən. Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə xəyala dalıram."
(Məzmurlar, 77:11-12)
"Başçılar yığılıb mənim üçün qəsd qurdular, lakin mən qulun qaydalarını dərin düşünürəm. Göstərişlərin mənə zövq verir, onlar mənim məsləhətçilərimdir."
(Məzmurlar, 119:23-24)
"Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm. Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, çünki onlar həmişə mənimlədir. Bütün müəllimlərimdən daha aqil olmuşam, çünki göstərişlərin üzərində dərindən düşünürəm."
(Məzmurlar,119:97-99)
"Allah'ın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər? Yaxşı gündə şad-xürrəm ol, pis gündə isə bunu anla: Hər cür günü Allah müəyyən edib ki, insan özündən sonra nə olacağını bilməsin."
(Vaiz, 7:13-14)
"Əyyub, bunu dinlə, bir dayan, Allah'ın heyrətamiz işlərindən düşün."
(Əyyub,37;14)
"Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan."
(Yeşaya, 1:8)
"Qədim dövrlər yadıma düşür, sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə hey fikirləşirəm. Sənə sarı əllərimi açmışam, bir quraq torpaq kimi Sənin üçün susamışam. "
( Məzmurlar 119: 5-6)
"Ancaq Rəbbdən qorxun, Ona sədaqətlə, bütün qəlbinizlə xidmət edin. Görün sizin üçün necə əzəmətli işlər görüb."
( 1. Şamuel, 12:24)
"Sənin əmrlərindən zövq alıram, onları sevirəm. Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm."
(Məzmurlar 119:47-48)
"Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, qüdrətli işlərin bəyan ediləcək. Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, xariqəli işlərini dərindən düşünəcəyəm."
(Məzmurlar, 145:4-5)
Uca Allah Quranda da Ona yönəlib iman gətirənlərin, yaradılış dəlilləri haqqında düşünən insanların olduğunu və beləliklə, Allah'ın üstün qüdrətini qiymətləndirə bildiklərini bildirmişdir:
"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!"
(Ali-İmran, “imranın ailəsi” surəsi, 191)
Əsl dindar ola bilmək üçün dərin düşünmək vacibdir. Gerçək dinin səthi və düşünməyərək yaşanılması mümkün deyil. Dərin düşünmək imanlı müsəlmanların da, yəhudilərin də, xristianların da diqqət etməli olduqları çox mühüm iman şərtidir. İnsan yalnız dərin düşündüyü zaman Allah`ın böyüklüyünü və ucalığını qavraya bilər və yalnız o zaman Müqəddəs kitablardakı səhih (həqiqi) və dərin mənalı sözlərin gizli və mənəvi mənalarını anlaya bilər.