“Maddi dünyada maddi İlaha ehtiyac var” düşüncəsinin yanlışlığı

Əvvəlki bölmədə bəhs etdiyimiz maddənin əsli mövzusunu bilməyən və ya başa düşməyən bəzi xristianlar hz. İsanı (əs) tanrı hesab etmələrinin səbəbini bəzən bu cür məntiqlə izah edirlər: "Biz maddi varlığıq. Dünya da maddi məkan olduğuna görə, bizim və bütün dünyanın xilası üçün maddi bir varlığa ehtiyac var". Bu iddia Allah`ın hər yerdə və hər an bizə ən yaxın olduğunu, dilədiyi zaman və istədiyi vasitə ilə hər qulu ilə əlaqə yaradacağını düşünməmək və maddənin gerçək mahiyyətini bilməməkdən qaynaqlanan çox səthi düşüncədir. Bizim təmasda olduğumuz hər şey, əslində, maddə deyil, görüntüdür, buna biz də daxilik.
Xarici aləmdəki maddənin bildiyimiz mənada maddi varlığı yoxdur: şəffaf və qaranlıqdır. Biz yalnız beynimizdə gördüyümüz, varlıqları ilə əsla təmasda olmadığımız görüntülərdən, yəni xəyallardan ibarət bir aləmdə yaşayırıq. Beş duyğu orqanımız vasitəsilə xaricdəki dünya ilə əlaqədə olduğumuzu zənn edirik. Halbuki hər şey elektrik siqnallarından ibarətdir.
Beynimizə gedən elektrik siqnalları tamamilə kəsilsə, maddi dünya dediyimiz dünya da yox olacaq. Bizim gördüyümüz dünyada heç bir şey maddi deyil. Xarici aləmdə mövcud olan hər şey yalnız beynimizdə meydana gələn görüntülərdən ibarətdir. Beləliklə, xəyallardan ibarət belə bir dünyada maddi ilaha gərək olması fikri (haşa) çox məntiqsizdir. Beynimizdəki bu dünyada maddi heç nə yoxdur.

Allah`ın bizimlə əlaqə yaratması, sevgisi və yaxınlığını göstərməsi üçün yalnız tək bir insan üzərində təzahür etməsi inancı həqiqətə uyğun olmayan, xəyali bir inancdır. Allah`ın buna ehtiyacı yoxdur, uca Rəbbimiz hər cür nöqsandan uzaqdır (Buradakı təzahür Allah`ın Zatı mənası demək deyildir). Allah hər yerdədir. Hər an bizimlə birlikdədir. O, hər şeydə təzahür edir.Məhz Allah`ı qullarından uzaq hesab edən iddialar üç üqnum inancındakı ağıl və məntiqə zidd izahlardır. Həmin xristianlar hər şeydə və hər yerdə təzahür edən, hər yeri əhatə edən və qullarına “hər an ən yaxın olan Allah inancı”nı kənara qoyub, “uzaq Allah inancı”na yiyələnirlər. Bu batil inancda Allah onlara elə uzaqdır ki, ancaq bir insan vasitəsilə qullarına çata bilir (Allah`ı tənzih edirik). Bu, Allah`ın təzahür kimi göndərdiyi insandan başqa digər hər şeyin Ondan asılı olmayan varlıqlar olduğunu iddia etmək deməkdir, yəni şirkdir. Allah`a şərik qoşmaq, Allah`dan başqa varlıqların müstəqil gücü olduğunu demək Allah Qatında böyük günahdır. Bu, Allah`ı tanıya və təqdir edə bilməmək deməkdir.
Allah qullarına olan yaxınlığını İncildə də çox aydın şəkildə bildirmişdir:

“Siz onlara bənzəməyin! Çünki Allah`ınız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.”
(Matta, 6:8)

“Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq.”
(Luka, 8: 17)

“Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl mövcud olan Odur və hər şey Onda bərqərar olur.”
(Pavlusdan kolesselilərə məktub, 1: 16-17)

“Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Allah`a dua et. Gizlində etdiyinizi görən Allah sizi mükafatlandıracaq.”
(Matta 6:6)

“Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allah`ın qarşısında yaddan çıxmır. Sizin başınızdakı saçlar belə bir-bir sayılıb...”
(Luka, 12: 6-7)

Uca Allah Quranda isə belə bildirmişdir:

“...aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”
(Bəqərə surəsi, 33)

İncil və Quran ayələrində açıq şəkildə ifadə edildiyi kimi, Allah`la ünsiyyət qurmaq üçün insanın qəlbən səmimi dua etməsi kifayətdir. İnsan harda olsa da, Allah insanı mütləq eşidir, görür və istədiyi təqdirdə onun duasına cavab verir.
Dolayısilə, İslamda “uzaq Allah inancı” olduğunu iddia edərək üç üqnum inancına haqq qazandırmağa çalışan bir qisim xristianlar yanlış düşünürlər. Onlar uca Allah`ın tək İlah olaraq hər şeyin Yaradıcısı, hər yeri və hər şeyi əhatə edən olduğunu başa düşsələr, maddənin əslini qavrasalar, məhz o zaman Allah`ın özlərinə nə qədər yaxın olduğunu anlaya biləcəklər.
Onlar yanlış üç üqnum inancı səbəbi ilə Allahı səhv tanıyır, Onun böyüklüyünü anlaya bilmirlər. Çünki əgər anlasalar, Allah`dan müstəqil, Onun təzahürü olmayan varlıqların olduğunu iddia etməz, Allah`a şərik qoşmaqdan çəkinərdilər.
Hər şeyi yaradan, hər şey və hər yerə Hakim olan Rəbbimiz var. Xristianlar bu həqiqətlərə ağılla yanaşmalı, Allah`ın uca qüdrətini layiqincə təqdir edən din anlayışını qəbul etməlidirlər. Allah göydə, yerdə və insanın yaşadığı, gördüyü, görmədiyi hər yerdədir. Beynimizdə yaradılan və “həyatımız” dediyimiz bütün görüntülər Allah`a aiddir. Belə olduğu halda insan Allah`la əlaqə yaratmaq üçün bir vasitəyə gərək olduğunu necə iddia edə bilər? İnsan ürəyində bir dua edirsə, Allah onun duasını eşidir. Allah`ın bizlərə belə yaxın olması bütün xristian qardaşlarımızı sevindirməlidir.
Səmimi xristianlar maddənin əsl mahiyyətini anlamalı, Allah`ın şanını layiqincə təqdir etməli, belə məntiqsiz və əsassız düşüncələri Allah`ın bəyənmədiyini bilməlidirlər.