Üç üqnum inancının kilsənin dəyişilməz qanunu olduğuna inanıb bugün ona tabe olan xristianların, bəlkə də, ən böyük problemlərindən biri Allah`ı lazımınca təqdir edə bilməmələri və Allah`ın xüsusiyyətlərini anlamamalarıdır. Uca Allah ən böyüyündən ən kiçiyinə qədər Yer üzündə bizim bildiyimiz, kəşf edilməyən, görünən-görünməyən hər şeyi - bütün aləm və kainatı yoxdan yaratmışdır. Yoxdan böyük bir kainat yaradan, hər şeyi nizamlı və tarazlı, insanı və digər canlıları mükəmməl sistemlərlə qüsursuz yaradan, hər bir insana qədər (tale) müəyyən edən Allah, şübhəsiz ki, yaratdığı hər canlını qorumağa da qadirdir. Rəbbimiz hər şeyi biləndir, O, hər şeyi görür və eşidir. Ondan gizli heç bir şey yoxdur. Onun izni olmadan heç bir canlı nəfəs ala və hətta bir yarpaq belə hərəkət edə bilməz. Onun izni olmadan elektronlar belə yerlərini dəyişə bilməzlər. Allah diləsə, bunların hamısını tamamilə yox edər, misli görünməyən və bilinməyən gözəlliklə yenidən yaradar. O, hər şeyə qadirdir. Allah üçün, şübhəsiz ki, bu, çox asandır. Rəbbimizin yalnızca "Ol" əmri ilə hər şey olar.Allah hər şeyi görür və eşidir. Gözün gördüyü, qulağın eşitdiyi hər şeyi yaradan da məhz Odur.
Quranda bildirilən İslamı anlamayan bəzi xristianlar düşünürlər ki, Allah insanlara çox uzaqdır və buna görə də üç üqnum inanclarına haqq qazandırırlar. Halbuki Allah bizdən uzaqda deyil, Allah hər yerdədir. İslamda bu gerçək Quran həqiqətləri ilə insanlara xəbər verilir. İslam dininin əksinə, üç üqnum inancında Allah`ın insanlardan çox uzaq olduğu təsəvvür edilir. Buna görə də həmin inanca sahib insanlar düşünürlər ki, Allah yalnız hz İsa (əs) vasitəsilə insanlarla əlaqə saxlaya bilər. Məhz bu düşüncə də Allah`ı tam anlamamaq və lazımi şəkildə təqdir edə bilməməkdən irəli gəlir. Əlbəttə ki, Allah`ın özlərindən uzaq olduğunu düşünən müsəlmanlar da vardır. Amma onların düşüncəsinin mənbəyi Quran deyil, öz yaratdıqları xurafatlardır. Belə ki, onların iddia etdikləri İslamda yoxdur. Həm Allah`ın uzaq olduğunu zənn edən bəzi müsəlmanlar, həm də Allah`ın insanlarla əlaqə saxlaması üçün müəyyən vasitələrə ehtiyacı olduğunu müdafiə edən üç üqnum tərəfdarları da yanılırlar. Quranda:
“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.”
(Qaf surəsi, 16)
“Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən...”
(Tur surəsi, 46)
“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.”
(Ənam surəsi, 59)
“..(Allah) onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.” "
(Hud surəsi, 5)
“... Nə yerdə, nə də göydə heç bir şey Allah`dan gizli qalmaz.”
(İbrahim surəsi, 38)
ayələr də daxil olmaqla, bir çox ayələrdə Uca Allah insana ƏN YAXIN olduğunu açıq şəkildə bildirmişdir. Heç kəs, heç bir varlıq insana Allah`dan daha yaxın deyil. Allah hər şeyi görən və eşidəndir. Allah bəzi müsəlman və xristianların düşündüyü kimi, yalnız göylərdə deyil, hər yerdədir. Bir yarpaq yerə düşən zaman onu heç kim görməsə də, Allah onu mütləq görür və bilir. Yerin altındakılar, dənizin kilometrlərlə dərinliyində olanlar, hüceyrələrimizin içindəkilər və tamamilə gözəgörünməz aləm olan atom, elektron və kvarklar bizə tam məlum olmasa da, Allah onların hər birini hər an bilir və görür. Bir-birindən fərqli olan üç tanrını müdafiə edənlər Allah`ın üstünlüyü, ucalığı və qüdrətini dərk etmirlər. Bunu bilsələr, Allah`ın onlara müxtəlif vasitələrlə çatdığı düşüncəsinin yanlış olduğunu da anlayacaqlar. Allah`ın vasitələrə ehtiyacı yoxdur. O, hər şeyi əvvəlcədən bilən, kökslərdə olanlardan xəbərdar olandır.
Bu həqiqəti daha yaxşı anlamaq üçün təzahür anlayışını, maddə həqiqətini bilmək lazımdır. O zaman xristianlar bütün bu deyilənlərin metafizik inanc olmadığını, Allah`ın aşkar şəkildə insanlara bildirdiyi bu gerçəyin elm tərəfindən sübut olunduğunu daha yaxşı anlayacaqlar.
Bu mövzu üçüncü hissədə ətraflı şəkildə izah olunmuşdur.