Üç üqnum İnancı nəyə görə təhlükəlidir?

Bir çox xristianın müdafiə etdiyi üç üqnum (üç birlik) inancı çox ciddi xəta, Allah`a və hz. İsaya (əs) atılmış böyük böhtan, eyni zamanda çox ciddi təhlükədir. Xristianlar üç üqnum inancının gətirdiyi və gətirə biləcəyi bu təhlükələrdən xəbərdar olmalıdırlar. Bu təhlükələrin bəziləri bunlardır:

Şirk təhlükəsi

İstər İncilə və Tövrata, istərsə də Qurana görə, Allah`a şərik qoşmaq “şirk” mənasına gəlir. Bu səbəbdən bəzi səmimi xristianlar özləri də bilmədən üç üqnum inancı ilə hz. İsanı (əs) Allah`a şərik qoşaraq (Allah`ı tənzih edirik) bu böyük şirk təhlükəsinin altına girirlər. Şirk təhlükəsi çox ciddi mövzudur, Uca Allah Quranda bu böyük təhlükəyə diqqət çəkərək “az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun” deyə buyurur (Məryəm surəsi, 90). Şirk Allah Qatında böyük günahdır. Allah Quranda bu günahı edənlərə qarşı Öz təhdidini belə bildirir:

“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah`a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.”
(Nisa surəsi, 48)

Allah İncildə də xristianlara şirki qadağan etmişdir:

“...fani olmayan Allah`ın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər. Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər. Onlar Allah`ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun!..”
(Pavlusdan romalılara məktub 1:23-25)

“İsa ona belə cavab verdi: “Allah`ın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır.”
(Luka 4:8)

Üç üqnum adı altında, əslində, tək tanrıya ibadət etdiklərini (Allah`ı tənzih edirik), tək bir varlığın bədən, ruh və şüur kimi üç ünsürdə təzahür etdiyini iddia edən xristianlar özlərini şirk təhlükəsindən uzaq hesab etməməlidirlər. Hər şeyin Yaradıcısı olan və hər an bizim yanımızda olan bir Allah`ı qəbul etmək əvəzinə belə çaşqınlıq içərisində yaşamaq haqq dindən uzaqlaşmaq deməkdir. Tək Allah`a qəlbən bağlanmaq yerinə, üçlü birlik kimi izahlarla bütpərəstlərin batil dinini xatırladan bir dinə ibadət etmək haqq yoldan sapmaq deməkdir. Bu cür izahları müdafiə edərək tək Allah`a iman gətirdiyini iddia edənlər çox diqqətli olmalıdırlar. Üç üqnumyə inanan xristianlar tək Allah`a inandıqlarını, doğru yolda olduqlarını hesab edə bilərlər, bu, yaxşı bir şeydir. Lakin üç üqnum inancı əsla tək Allah inancı deyil. Bu cür xristianlar qəbul etməsə də, üç üqnum ilə açıq şəkildə başqa varlıqları ilahlar hesab edir və beləcə şirkə girirlər.

Rəbbimiz bir Quran ayəsində təslis (üç üqnum) inancına inanan xristianları bu hikmətli sözlərlə xəbərdar edir:

“Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allah`ın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən (göndərilən) bir ruhdur. Allah`a və Onun elçilərinə iman gətirin və: “(İlah )üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.”
(Nisa surəsi, 171)

Cəhdlərinin hədər getməsi təhlükəsi

Üç üqnum yanlışlığı ilə səmimi xristian qardaşlarımızın üzləşəcəyi ən böyük təhlükələrdən biri də Allah adına etdikləri bütün əməklərinin boşa getməsi ehtimalıdır. Xatırlatma və xəbərdarlıqlara məhəl qoymadan sırf bu yanılmaya görə şirk içində yaşayan, bu məsələdə vicdanlarına uymayan, lakin özünü doğru yolda zənn edən xristianlar üçün bu, çox böyük bir təhlükədir. Allah Quranda “çalışıb boşuna yorulanlar” dan xəbər verir, (Ğaşiyə Surəsi, 3) başqa bir ayədə “Onların dünya həyatındakı bütün səyləri boşa getmişdir, onlar yaxşı işlər gördüklərini zənn edirdilər” deyə bildirir (Kəhf surəsi, 104). Tövratda isə səmimi iman gətirənlərin duaları belədir:

“Ey Xudavənd Allah`ımız, bizdən razı qal, əllərimizin zəhmətini uğurlu et. Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.”
(Məzmurlar 90:17)

Dolayısilə, Rəbbimizin əvvəlcədən xəbərdar etdiyi kimi, axirətdə özünün doğru yolda olacağını zənn edən, ancaq etdikləri hədər gedən insanlar olacaqdır. Səmimi bir dindar belə təhlükəni özündən uzaq hesab etməməlidir, dərhal vicdanına tabe olmalıdır. İllər boyunca üç üqnum inancının doğru olduğu barədə təlqinlərin təsiri altında qalan xristian qardaşlarımızı Allah bu öyüd-nəsihət və xəbərdarlıqla vicdanlarını hesaba çəkməyə çağırır.

Gizli dinsizlik, münafiqlik və ateizm təhlükəsi

Üç üqnum inancının gətirdiyi ən böyük təhlükələrdən biri isə bu yanlış inancın gizli dinsizliyə və ya ateizmə səbəb olmasıdır. İncili yaxşı bilən bir insanın üç üqnum inancının məntiqsizliyini anlaması, əlbəttə ki, çətin məsələ deyil. Əslində, xristianların demək olar ki, hamısı bu həqiqətin fərqindədirlər. Lakin müxtəlif izahlarla özlərini buna inandırır, bir çoxu isə “inanmasan, dindən çıxarsan” təhdidinə görə səssiz qalır.

Bəziləri isə səmimi qəlbən inanmadıqları bu inanca görə dinsiz olur. Bu, çox böyük bir təhlükədir. Xristianlıq dininə mənsub olub üç üqnum inancının əsassızlığını bildiyi halda, dindar kimi görünmək məcburiyyətində qalan gizli dinsizlər vardır. Bu batil inanc ucbatından imanını itirən gizli dinsizlər xristian aləmində münafiqlik təhlükəsini yaradırlar. Münafiqlər isə eynilə müsəlmanlıq və yəhudilikdə olduğu kimi, məqsədləri xristianlıq adı altında fitnə və ixtilaflara səbəb olmaq, xristianları zəiflətmək, ibadətlərdən uzaqlaşdıra bilməkdir.Onlar təhlükəli topluluqdur və batil inancların qaynağıdırlar.

Əsrlər boyunca sayca getdikcə artan bir çox xristianlar ağıl və məntiqə zidd olan üç üqnum inancına görə tamamilə inkara sapıb ateist olmuşlar. Həmin ateistlər bunun səbəbinin xristianlıqdakı ziddiyyət və məcburiyyətlər olduğunu deyirlər. Üç üqnum tərəfdarı olan xristianlar da bu vəziyyətin, şübhəsiz ki, fərqindədirlər.

Xristian təbliğatlarını dinləyən insanların üç üqnum inancını mənimsəmələri onları gizli dinsizlik, münafiqlik və ya ateizmə sürükləyir. Bu da çox böyük bir təhlükədir. Əgər bir insan həqiqətən səmimidirsə, o, Allah`a səmimi qəlbdən yönələrək ən doğrunu görməyə, anlamağa çalışmaqdan və vicdanının ona göstərdiyini yerinə yetirməkdən məsuldur. Bu təhlükəyə əsaslı şəkildə diqqət yetirilməlidir.

Üç üqnum inancının gətirdiyi dinsizlik təhlükəsinin nə qədər böyük ideoloji və feli münaqişələrə gətirib çıxardığını xristianlıq tarixindən də görmək mümkündür. Bu münaqişələr dövrümüzdə hələ də davam edir. Haqq olan bir inancın bu cür böyük qarışıqlıq və fitnələrin qaynağı olması mümkün deyil. Bəzi xristianlar bu böyük təhlükənin böyüklüyünü hələ də hiss etməyə bilərlər, “İncilin hökmüdür” deyərək atalarından gəlmiş inancı bilmədən davam etdirə bilərlər. Ancaq bu, qəti şəkildə Allah`ın əmrinə zidd olan inancdır. İncilə ağıl və vicdan gözü ilə baxan və batil inancın gətirdiyi fitnələri görən insan bunu çox yaxşı başa düşəcəkdir. Dolayısilə, səmimi xristianlara çağırışımız Allah`a sığınaraq bütün təlqin və xristian aləmində kök salmış yanlış inanclardan uzaqlaşaraq ağıllı düşünmələri və bu məsələdə sırf vicdanları ilə qərar vermələridir.