Tövratda keçən “oğul” ifadələrini şərh edərkən bəzi xristianlar səhv edərək bu ifadələrdəki sözləri hərfi mənada təfsir edirlər, halbuki batini (mətnaltı mənası) təfsir edilməlidir. İncil və hətta Tövratda da təfsir zamanı bu yanlışa yol verirlər, ancaq batini təfsir Allah`ın sözünü anlamaq üçün vacib bir sirdir və bunun haqqında dərin düşünmək lazımdır.
Allah`ın sözləri açıq, anlaşıqlı və hikmətlidir. Lakin Uca Rəbbimiz Öz sözlərində bəzən mənası aydın olan, bəzən də mütəşabih (birdən çox mənası olan, müəyyən dərəcədə şərhə ehtiyac olan) ifadələr işlədir. Mütəşabih ifadələrdəki dərin mənanı anlamaq üçün o ifadələri imani yöndə dəyərləndirmək lazımdır. Bu isə batini təfsirdir.
Uca Rəbbimiz bu dərin mənaları bəzi hallarda təşbeh və bənzətmələrlə xəbər verib. Məsələn, bir Quran ayəsində Allah “Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın!...” (Ali-İmran surəsi, 103), digər bir ayədə isə “Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər.” (Əraf surəsi, 40) şəklində ifadələr işlədir. Bu cür ayələri bəziləri səthi qavrayır və hərfi mənada başa düşür. Ancaq hər iki ayədəki bənzətmələr çox hikmətli izahlardır və insanların düşündükcə daha dərin anlayacağı mənalar gizlənib. Rəbbimiz “Allah`ın ipi” təşbehi ilə insanların Allah`a və Onun göstərdiyi yola möhkəm bağlanmalarını, bunda qətiyyət göstərməyi nəsihət edir. Rəbbimiz “dəvə iynə dəliyindən keçənə qədər” bənzətməsi ilə də ayədə bildirilən insanların (Allah`ın diləməsindən başqa) cənnətə qətiyyən girməyəcəklərini xəbər verir. Bu çox gözəl və dərin bir izahdır. Ancaq bunu doğru anlamaq üçün üçün sözün hərfi mənasına deyil, daxili mənasına baxmaq lazımdır.
Bu vəziyyət Quran kimi Tövrat və İncilə də aiddir. Məsələn, İncildəki bir pasajda verilən aşağıdakı hissə batini cəhətdən başa düşülməlidir:
Mənim onlarla bənzətmələr əsasında danışmağımın səbəbi budur ki, “gördükləri halda görmürlər, eşitdikləri halda eşitmirlər və anlamırlar”. İşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər həqiqət oldu: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qavramayacaqsınız. Çünki bu xalqın ürəyi qatılaşdı, qulaqları ağır eşitdi, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə tərəf dönməsinlər. Dönsələrdi, Mən onlara şəfa verərdim”.
(Matta, 13: 13-15)
Oxşar misalları Tövratdan da göstərmək olar:
Ey karlar, eşidin! Ey korlar, baxın, görün! …Siz çox şey gördünüz, amma nəzərə almadınız, qulaqlarınız açıq idi, amma eşitmədiniz!
(Yeşaya, 42:18, 20)
Rəbb mənə belə səsləndi: "Bəşər, üsyankar bir xalqın arasında yaşayırsan. Gözləri varkən görmür, qulaqları varkən eşitmirlər. Çünki bu xalq üsyankardır."
(Yezəkəl, 12: 1-3)
Quranda da belə bənzətmələr var:
Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (Züxruf surəsi, 40)
(Onlar) kar, lal və kor olduqlarına görə (doğru yola) qayıtmazlar.
(Bəqərə surəsi, 18)
Quran, İncil və Tövratdakı bu ifadələrdə bəhs edilən, əlbəttə, fiziki korluq və ya karlıq deyil. Burada mənəvi korluq, karlıq və dilsizlik vurğulanır. Bu sözlərlə təsvir edilən insanlar Allah`ın varlıq dəlillərini hər zaman gördükləri halda bunu görməzlikdən gələn, Allah`ı təqdir edə bilməyənlərdir. Mənəvi kor və kar olan bu insanları Allah lənətləyir.
Əgər burdakı məna bildiyimiz fiziki korluq ya da karlıq kimi başa düşülsə, əlbəttə, bu çox yanlış fikirlərin yaranmasına səbəb olacaq. Belə səhvə yol verməmək üçün batini təfsir vacibdir. Çünki Allah bu dərin mənalarla insanlara əhəmiyyətli sirlər verir.
Əvvəlcə bunu bildirmək lazımdır ki, batini cəhətdən anlaşmazlıqlar İslamda da, Musəvilikdə də, Xristianlıqda da müxtəlif formalarda rast gəlinən haldır. Bu səbəbdən bu yanlışı sadəcə xristianlara aid etmək olmaz, ancaq burada sadəcə xristian qardaşlarımıza aid hissəsi izah edilir.
Batini təfsir edə bilmək bəzi xristian qardaşlarımız üçün böyük əhəmiyyət kəsb edir. Çünki uzun illərdir hz. İsanın Allah`ın oğlu olduğu (Allah`ı tənzih edirik) inancı batini təfsir edilmədiyi üçün mövcuddur və bu yanlış şərhlər dində təhlükəli vəziyyət yaradıb. İncil və yuxarıda izah etdiyimiz kimi Tövratda istifadə edilən “Allah`ın oğlu” ifadələrinin hərfi mənaları əsas götürülərək dərin mənalarını düşünməyiblər.
Halbuki burda keçən “oğul” sözü əvvəlcə də bildirdiyimiz kimi, Allah`a mənəvi yaxınlıq, sevgi, dostluq, üstünlük mənasındadır. Allah`ın sevimli və seçdiyi qulu üçün ifadə etdiyi bir üslubudur.
Xristianlar “Allah`ın oğlu” ifadəsini haşa fiziki mənada deyil, bir qulun Allah`a mənəvi yaxınlığının vurğulanması kimi başa düşməlidirlər. Batini cəhətdən baxsalar, bu xitab şəkli ilə çox fərqli və dərin məna ifadə edildiyini daha yaxşı görəcəklər.